“Azərbaycan Ordusu tək öyrənən yox, həm də öyrədən Ordudur” - Ramil Məmmədli

13:27 13.11.2025
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində əldə olunan Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad region və dünya ölkələri tərəfindən maraqla izlənildi. Paradda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı regionun yeniləşən geosiyasi reallığın müasir portretini cızmaqla yanaşı, növbəti dəfə dünyaya sülh çağırışı, əməkdaşlıq mesajlarını vermiş oldu. Azərbaycanda keçirilən parad bir daha düşmənə gücünü göstərdi, dostlara qucağını açdı.

Hafta.az-ın müsahibi hərbi ekspert Ramil Məmmədlidir.

- Bu gün Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü və texnoloji cəhətdən ən inkişaf etmiş hərbi qüvvəsi kimi necə təhlil edərdiniz?

- Azərbaycan Ordusunun potensialını təhlil edən zaman bir neçə istiqaməti xüsusilə qeyd etmək lazımdır. Bunlar Silahlı Qüvvələrimizin peşəkarlığı, yəni təkcə hərbi quluqçuların döyüş hazırlığı deyil, müasir texnologiyalara bələd olmaları, onlardan istifadə etmək bacarığını əhatə edir. Bu, illərlə formalaşan prosesdir. Artıq Azərbaycan Silahlı Qüvvələrinin müvafiq qoşun növləri üzrə ixtisaslaşmış, peşəkar, müasir texnologiyalardan həm qeyri-döyüş şəraitində, həm döyüş şəraitində istifadə edən hərbi qulluqçuları var. Bu baxımdan, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclüsüdür. Bu proses davamlı olaraq inkişaf edir və müasir texnologiyalar nə qədər müasirləşsə də, Azərbaycan Ordusu bu prosesi izləyə və yaxud qabaqlaya bilir. Bu gün əminliklə söyləmək olar ki, Silahlı Qüvvələrimiz dünyanın azsaylı ordularındandır ki, pilotsuz uçuş aparatları və digər texnologiyalar üzrə ixtisaslaşıb və bunu həm də müharibə şəraitində istifadə edib. Yəni, artıq Azərbaycan Ordusu təkcə öyrənən deyil, həm də öyrədən, öz təcrübəsini paylaşan bir Ordudur.

- Azərbaycan Ordusunun texnikası bu gün say, keyfiyyət, müasir döyüş konsepsiyalarına uyğun necə müşahidə olunur və peşəkar hərbi kadrlar, milli istehsal potensialı və strateji tərəfdaşlıqlar müstəvisində hansı üstünlükləri ilə diqqət çəkir?

- Azərbaycan Silahlı Qüvvələrinin texnikası, sayı, keyfiyyəti təbii ki, əhalinin nisbətinə görə yetərlidir. Müasir döyüş konsepsiyalarına gəldikdə, Azərbaycan artıq bunu həm 2016-cı ilin aprel döyüşlərində, həm də 2020-ci il Vətən müharibəsində nümayiş etdirdi. Yəni, peşəkar hərbi kadrların bilik və bacarığı sayəsində Azərbaycan Silahlı Qüvvələri müasir döyüş əməliyyatlarının aparılmasını həyata keçirib. Biz dünyada ilk dəfə olaraq kütləvi şəkildə pilotsuz uçuş aparatlarından istifadə etməklə düşmənin dərinlikdə yerləşən mövqelərini, strateji məntəqələrinin necə məhv edildiyinin şahidi olmuşuq. Bu baxımdan, Silahlı Qüvvələrimizin bu istiqamətdə formalaşmasını da yüksək qiymətləndirmək lazımdır.
Əlbəttə ki, əlavə olaraq, milli istehsal məsələsinə toxunsaq, Ordunun texnoloji inkişafı həm də ölkənin müdafiə sənayesinin potensialı ilə ölçülür. Bu gün daha çox rəqəmsal texnologiyalar əsasında hazırlanan avadanlıqlara, texnologiyalara üstünlük verilir. Artıq müdafiə sənayemiz Azərbaycan Ordusunu atıcı silahlarla, sursatlarla, pilotsuz uçuş aparatları, kəşfiyyat müşahidə və kamikadze uçuş aparatları ilə təchiz edir. Təbii ki, bu istiqamətdə strateji tərəfdaşlıq məqamları xüsusi qeyd olunmalıdır. Yəni, Azərbaycanın dost ölkələrlə həyata keçirdiyi layihələr bu gün müdafiə sənayesi kompleksinin inkişafına və gələcəkdə potensialın daha da genişlənməsinə təkan verir. Azərbaycanın istehsal potensialı daha da genişlənir, bu istiqamətdə ciddi addımlar atılır. Təbii ki, burada peşəkar ixtisaslı kadrların biliklərindən, təcrübəsindən istifadə olunur. Bir sözlə, bu gün Azərbaycan Ordusunun silah, texnika imkanlarının gücləndirilməsi istiqamətində addımlar milli istehsalın stimullaşdırılması ilə paralel həyata keçirilir.

- Keçən beş ildə ordu quruculuğu prosesində nələr dəyişib?

-Azərbaycan Silahlı Qüvvələri ötən 5 il ərzində üçüncü Hərbi paradını keçirdib. Bunun biri qələbədən dərhal sonra dekabr ayında keçirilən Hərbi parad idi. İkinci Hərbi parad Xankəndidə keçirilmişdi. Bu isə üçüncü Hərbi paraddır. Üç Hərbi parad arasında bir analiz aparsaq, noyabrın 8-də keçirilən Hərbi parad təkcə qələbənin ildönümü ilə bağlı deyil, həm də Azərbaycan Ordusunun müasir silah, texnikaya malik olmasını nümayiş etdirən bir parad idi. Bu paradda təqdim olunan müasir texnikalar haqqında qısa bir ekskursiya edək: Azərbaycan burada həm özünün istehsalı olan məhsulları, həm də satın alınan, yəni müasir müdafiə sənayesi şirkətlərindən, müasir texnologiyalara malik ölkələrin ordularının istifadə etdiyi texnologiyaları nümayiş etdirib. Məsələn, Azərbaycanın istehsalı olan, xüsusi təyinatlı əməliyyat üçün nəzərdə tutulan “Vaşaq” avtomobili, Türkiyə istehsalı olan “Kobra 2” zirehli texnikasını göstərmək olar. “Kobra 2” iki təyinatlı zirehli transpartyordur. Həm tibbi təxliyə, həm də döyüş əməliyyatlarının aparılması baxımından vacibdir. Digər diqqəti çəkən məqamlardan biri Azərbaycan Müdafiə Sənayesi Kompleksinin modernləşdirdiyi və “Vikinq” adlandırılan hava hücumundan müdafiə sistemidir. Bu, zenit hava hücumundan müdafiə kompleksinin bazası əsasında yenilənmiş texnologiyadır və aşağı hündürlükdə uçan hədəfləri məhv etmək üçün nəzərdə tutulur. Əlbəttə ki, Çinlə başlanan hərbi əməkdaşlığı da xüsusi qeyd etmək lazımdır. Çin istehsalı olan HQ9BE sistemi uzun mənzilli hava hücumundan müdafiəni təqdim edir. Eləcə də Rusiya istehsalı olan S 300-ün analoqu olsa da, artıq yenilənmiş bir modeldir. Çin bunun üzərində ciddi işləyib, bir çox yenilənmələr edilib. Bu, aşağı hündürlükdə uçan hədəfləri, pilotsuz uçuş aparatlarını aşkar edən və onun zərərsizləşdirilməsi üçün əməliyyat tapşırığını həyata keçirə bilən bir sistemdir. Artıq müasir döyüş təyyarələri də aşağı hündürlükdə uçuş, manevr imkanlarına malikdir. Bu baxımdan, Azərbaycan İran-İsrail və Ukraynada gedən müharibə təcrübəsindən irəli gələrək, öz hava məkanının daha dərin formada qorunmasını təmin etməyi vacib hesab etdi. Yəni, mütəxəssislər bu texnologiyanın satın alınmasını daha uyğun bildilər.
Yeniliklərdən biri də pilotsuz uçuş aparatları ilə bağlıdır. Pilotsuz uçuş aparatları olan Hero 120, Skay-Striker xüsusi qeyd edilməlidir.
Paradda eləcə də IS Briker operativ taktiki raketləri nümayiş olundu. Bu, yeni texnologiyadır və Azərbaycan bu texnologiya ilə düşmənin dərinlikdə yerləşən hədəflərini radioelektron müdafiə sistemi və hava hücumu müdafiə sistemindən yayınmaqla məhv etmək imkanına malik olacaq. Yəni Azərbaycan artıq bir sıra istiqamətlərdə bu addımları həyata keçirir. İri layihlərdən biri də Azərbaycanın Pakistandan aldığı çoxtəyinatlı döyüş təyyarəsidir. JF 17 döyüş təyyarəsi Azərbaycanın hava məkanında üstünlük əldə etməsi üçün əhəmiyyətli texnologiyalardan biridir.

- Paradda Azərbaycan, Türkiyə, Pakistanın birgə iştirakı nədən xəbər verir?

- Təbii ki, paradda Türkiyə və Pakistan hərbi bölmələrinin keçidi Azərbaycana dəstək mənasını verir. Ölkə başçıları səviyyəsində iştirak bunu daha da gücləndirir və Azərbaycanın gərgin dünyada tək olmadığını ifadə edir. Bəzən fikirlər səsləndirilir ki, kiçik dövlətlər müttəfiq axtarmalıdırlar. Əslində bu böyük dövlətlər üçün də keçərlidir. Heç bir dövlət hərbi müttəfiqi, hərbi tərəfdaşı olmadan düşmən qarşısında duruş gətirə bilməz. Təbii ki, qlobal dünyanın müasir tələblərinə uyğun olaraq, Azərbaycan da bu əlaqələrini daha da genişləndirəcək.

Tahirə Qafarlı